“AmCham Azərbaycan”dan Frame.az-a bildirilib ki, qurumun prezidenti Nuran Kərimov bu tədbirlərin dövlət və özəl sektor arasındakı dialoqun davam etdirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, “AmCham Azərbaycan” öz korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması məsələsinə xüsusi əhəmiyyət verir. Palata üzvləri tərəfindən bu istiqamətdə töhfə vermək üçün mütəmadi olaraq müxtəlif işlər görülür.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. O hazırda nazirlik tərəfindən qeyd edilən istiqamətdə həyata keçirilən layihələr, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması üçün aparılan tədbirlər və sair barədə ətraflı məlumat verib. Bildirib ki, “AmCham Azərbaycan”ın bu təşəbbüsü olduqca təqdirəlayiqdir və nazirlik palata ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Görüşdə, həmçinin Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli, DOST Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədov və nazirliyin digər rəhbər işçiləri mövzu ilə bağlı çıxış ediblər. Görüş zamanı palatanın nümayəndələri tərəfindən bəzi sual və təkliflər səsləndirilib. Sonda tərəflər şəhid ailələrinə və müharibə iştirakçılarının sosial dəstək, o cümlədən onların məşğulluğunun təminatı istiqamətində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 260-dan çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.